XƏBƏRLƏR 2022
Azərbaycan və Özbəkistan arasında teatr sahəsində əlaqələr genişlənir, rejissor Əsgər Əsgərovun “Qaynana” tamaşası Daşkəndə də səhnəyə qoyulacaq.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bu ölkədə səfərdə olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, dosent Əliqismət Lalayev ilə görüş keçirib.
Görüşdə Azərbaycanla Özbəkistan arasında teatr sahəsində əlaqələrin genişlindirilməsi, Azərbaycan əsərlərinin Özbəkistan teatr səhnələrində nümayiş etdirilməsi, teatr sahəsində mütəxəssislərin qarşılıqlı mübadiləsinin təşkili məsələləri müzakirə edilib.
Əliqismət Lalayev uzun müddət elmi araşdırmalar nəticəsində hazır etdiyi «Azərbaycan - Orta Asiya teatr əlaqələri” kitabını Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova hədiyyə edib.
S.Abbasov tədqiqat əsərini yüksək qiymətləndirib, azərbaycanlıların daim Türküstanın, Özbəkistanın mədəni həyatında aktiv iştirak etdiklərini qeyd edərək, sözügedən əsərin Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə olunaraq çap edilməsini məqsədəuyğun hesab edib.
Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblını fəaliyyəti haqqında məlumat verən S.Abbasov Azərbaycan milli rəqslərini Özbəkistana tanıdılması və təbliği işi barədə danışaraq, bu sahədə Azərbaycandan mütəxəssislərin ustad dərslərinə ehtiyac olduğunu bildirib.
Ə.Lalayev Bakı Xoreoqrafiya Akademiyasını mütəxəssislərinin Daşkəndə gələrək Azərbaycan Mədəniyyət Mərkəzində ustad dərslərin aparılması və bu istiqamətdə əməkdaşlığa dair fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov da iştirak edib.
Müzakirələrdə rejissor Əsgər Əsgərovun rəhbərliyi ilə Özbəkistanda səhnələşdirilmiş “Qaynana” tamaşasını Səmərqəndlə yanaşı, gələcəkdə Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində səhnəyə qoyulması müzakirə edilib.
Sonda Azərbaycan Mədəniyyət Mərkəzinin muzeyləri ilə tanışlıq olub və xatirə şəkli çəkdirilmişdir.
31.08.2022